“Bayern” Jerom Boatenqi heyətinə qatmaqdan imtina etdi

“Bayern” komandanın sabiq mərkəz müdafiəçisi, hazırda münhenlilərin düşərgəsində məşq edən Jerom Boatenqi transfer etməyəcək.

Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Bayern”in müvafiq müqaviləni imzalamaqdan imtina etməkdə həlledici amili, Boatenqin döyülmə maddəsi ilə bağlı araşdırılmamış cinayət işinin olmasıdır. “Qəhrəmanımız”ın keçmiş sevgilisini döydüyü iddia edilir. Rəsmi səhvlərə görə hökm ləğv edilib və məhkəmə çəkişməsi Münhen bölgə məhkəməsinə veriləcək.

Xatırladaq ki, Botenq xeyli müddətdir münhenlilərin düşərgəsində məşq edir. Hətta “Bayern”in baş məşqçisi Tomas Tuxel komandanın sabiq veteranının yenidən geri dönüşünü istisna etmirdi.

Xatırladaq ki, Jerom Boatenq 2021-ci ilin sentyabrında “Bayern”i azad agent qismində tərk edərək Lion “Olimpik”inə keçmişdi. Jerom cari ilin iyulundan yenidən azad agent qismindədir. Boatenq “Olimpik”də ümumilikdə 35 oyun keçirib, 2 məhsuldar ötürmə verib. Geridə qalmış mövsümdə isə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyunda meydana çıxıb. Təcrübəli oyunçu “Tennis Borussiya Berlin”, “Herta”, “Hamburq” və “Mançester Siti”də çıxış edib. Məhz “Mançester Siti”dən 2011-ci ilin iyulunda 13,5 milyon avro qarşılığında “Bayern”ə keçmiş Boatenq 10 il münhenlilər üçün çalışıb.

“Bayern”də çıxışı müddətində Boatenq 363 oyun keçirib, 10 qol vurub, 25 məhsuldar ötürmə verib.

Müdafiəçi karyerasındakı qənimətlərin böyük əksəriyyətini məhz “Bayern”lə qazanıb. Jeromun qənimətlər muzeyində 9 Bundesliqa çempionluğu, 5 Almaniya Kuboku, 5 Almaniya Super Kuboku, 2 Çempionlar Liqası, 2 UEFA Super Kuboku, 2 FIFA Klub Dünya Kuboku var. Üstəlik, Boatenq 2016-cı il üçün Almaniyada ilin futbolçusu seçilib.

Boatenq 2009-cu ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 76 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə verib. Jerom “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xatırladaq ki, Jerom Boatenq qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqin ögey qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: