Yeni mövsümə hazırlaşan Almaniyanın “Bayern” və İngiltərənin “Liverpul” komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, Sinqapurdakı “Milli stadion”da keçirilən oyun münhenlilərin 4:3 hesablı ikiqat əzmkar qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 2-ci dəqiqədə “Liverpul” açıb – Kodi Qakpo fərqlənib. 28-ci dəqiqədə Vircil van Deyk “qırmızılar”ın üstünlüyünü ikiqat artırıb. Bununla belə, “Bayern” əzmkarlığını ortaya qoyub – 33-cü dəqiqədə Serj Qnabri, 42-ci dəqiqədə Leroy Zane fərqlənərək, tarazlığı bərpa edib. Birinci hissə 2:2 hesdabı ilə başa çatıb.
İkinci hissədə “Liverpul” yenə hesabda önə çıxıb – 66-cı dəqiqədə Luis Dias qolu bayram edib. Ancaq “Bayern” əsl alman xarakteri nümayiş etdirərək növbəti dəfə tarazlığı bərpa edib – 80-ci dəqiqədə Yosip Stanişiç fərqlənib. 90-cı dəqiqəyə əlavə edilmiş ilk dəqiqədə isə almanlar ingilislərə oyunun statusundan asılı olmayaraq, sona qədər oynamaq lazım gəldiyini əyani şəkildə göstəriblər – Frans Kretsiqin “Bayern”ə qələbə gətirən topu qapıdan keçirib.
İspaniya nəhəngi “Real” isə “Yuventus”la yoxlama oyununda üz-üzə gəlib. Orlando şəhərindəki “Kempinq Uorld” stadionunda (Florida ştatı, ABŞ) baş tutan görüş İtaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı matçın ilk dəqiqəsində Moyze Kin açıb. 20-ci dəqiqədə amerikalı yarımmüdafiəçi Timoti Vea “qoca sinyora”nın növbəti qolunu vurub. Vinisius Junior fasiləyədək hesab arasındakı fərqi azaltsa da, Duşan Vlahoviç (90+5) oyunda son nöqtəni qoyub.
Digər maraqlı oyunlarda İngiltərənin “Çelsi” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları heç-heçəyə (1:1) razılaşıblar. Madrid “Atletiko”su La Liqanın digər təmsilçisi “Real Sosyedad”la “sülh” bağlayıbsa (0:0), “Sevilya” “Betis”ə qalib gəlib – 1:0.
İngiltərənin digər klublarından “Arsenal” “Monako” ilə qarşılaşıb. Əsas vaxtı 1:1 bitən oyunda penaltilər seriyasına da ehtiyac duyulub və “topçular” 5:4 hesabıyla seviniblər.
Marsel “Olimpik”i isə Almaniyanın “Bayer” komandasına 1:2 hesabıyla uduzub.


