“Bayern”in yeni transferi Saşa Boe sıradan çıxdı

Almaniya çempionu “Bayern”in fransalı sağ cinah müdafiəçisi Saşa Boe bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Boe komandanın son məşqlərindən biri zamanı sıradan çıxıb. 23 yaşlı fubolçu artıq tibbi müayinədən keçib və onun bud nahiyəsində zədə aşkarlanıb.

Saşanın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. Amma onun bir neçə həftə oynamayacağı bildirilib.

Xatırladaq ki, bu il yanvarın 28-də “Bayern” fransalı sağ cinah müdafiəçisi Saşa Boeni “Qalatasaray”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Transfer “Bayern”ə 30 milyon avro müqabilində başa gəlib. Almaniya nəhəngi fransalı futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Boe “Bayern”də 23 nömrə altında çıxış edir.

Saşa Boe futbola “Romeynvil” klubunda qədəm qoyub. Buradan Parisin “Red Star” klubuna keçib, ardınca isə “Renn”in futbol akademiyasına yol tapıb. Boe elə, “Renn”in heyətində böyük futbolda debüt edib. Daha sonra Saşa “Dijon”da icarədə olub və ardınca “Qalatasaray”a transfer edilib.

Cari mövsümün ilk yarısında Boe “Qalatasaray”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 2 qol vurub. O, “Bayern”də də artıq 2 oyuna çıxmağa macal tapıb.

Saşa Boenin qənimətlər muzeyində “Renn”lə 2018/2019-cu il mövsümü Fransa Kuboku və “Qalatasaray”la 2022/2023 mövsümü Türkiyə çempionluğu var.

Saşa Boe Fransanın U-17, U-18, U-20 və U-21 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı sağ cinah müdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: