Slovakiyada təşkil olunmuş güləş üzrə Avropa çempionatında Azərbaycana ilk medalı İslam Bazarqanov (57 kq) qazandırdı.
Arena.az xəbər verir ki, bürünc medal qazanaraq ötənilki nəticəsini təkrarlayan millimizin üzvü təəssüratlarını bölüşüb.
Bazarqanov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Bürünc medal görüşü gözlədiyimdən daha çətin keçdi. Bürünc medal qazandım. Hədəfim çempionluq idi. Çoxlu təlim-məşq toplanışları keçmişdik. Yaxşı formada idim. Əlbəttə, qalib gəlmək istəyirdim. Məşqçilərimizə və bizə hər cür şərait yaradan federasiyamıza təşəkkür edirəm.
Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum. Bilmirəm. Deməli, öz üzərimdə daha çox işləməliyəm.
Bundan sonra bir qədər istirahət edəcəyik. Daha sonra digər turnirlər və dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarına başlayacağıq”.


