“Gəncə”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis 86:103 hesabıyla uduzduqları matçdan sonra qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Oyunda sanki nəfəsimiz çatmadı. Ribaundlarda istənilən kimi oynaya bilmədik. Bu amillər görüşün qırılma nöqtəsi oldu. Matça da arzulanan səviyyədə başlamadıq. Amma böyük fasilədən yaxşı qayıtdıq, üçüncü dövrədə hesabda önə də keçdik. Oyunçularımız meydanda yaxşı reaksiyalar verdilər. Lakin rəqibin oyununu da qiymətləndirmək lazımdır. Onlar 20 hücum ribaundu aldılar. Hücüm ribaundlarından 26 sayı atıblar. Oyunu da bunda uduzduq. Bu olmasaydı, başqa nəticə ola bilərdi. “Sabah” liqanın ən güclü klublarından biridir, çempionluğa oynayırlar”.
Azarkeşlərə də təşəkkürünü bildirən Bedri Meriç, ruhdan düşməyə əsas görmür: “Qarşıdakı matçlara hazırlaşmalıyıq. Mübarizədən qopmaq olmaz. Azarkeşlərimizə dəstək üçün minnətdarıq”.
“Sabah”ın baş məşqçi əvəzi Nikola Bojinovski isə “Gəncə” üzərindəki qələbəni belə şərh edib:
“Oyuna yaxşı başladıq. Oyunboyu hesaba nəzarət etdik. Hər bir heyət üzvü oynamaq şansı qazandı. İkinci hissədə oyunumuzda kiçik eniş olsa da, müdafiədə aqressiv oynayıb, vəziyyəti lehimizə dəyişməyi bacardıq. Üçxallıq atışlarımız bu gün çox zəif – cəmi 17 faiz olsa da, bunu hücum ribaundları ilə sığortalamağı bacardıq. Rəqibi yaxşı oyuna görə təbrik edirəm”.
Xatırladaq ki, 10 turdan sonra son çempion “Sabah” 19 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “NTD-İndiqo” 2-ci sırada qərarlaşıb. “Gəncə” isə 13 xalla 9-cudur.


