Bekkasese Ekvador millisinin baş məşqçi postundan ayrıldı

Ekvador millisinin baş məşqçisi Sebastyan Bekkasese dünya çempionatında komandanın mübarizəni dayandırmasından sonra vəzifəsini tərk edib.

Arena.az xəbər verir ki, 45 yaşlı argentinalı mütəxəssis Meksikaya 1/16 final mərhələsində 0:2 hesablı məğlubiyyətdən sonra açıqlamasında dünya çempionatının başa çatması ilə müqaviləsinin də sona çatdığını bildirib:

“Müqaviləmin müddəti dünya çempionatının başa çatması ilə bitdi. Təəssüf ki, ölkə tarixində dünya çempionatındakı ən yaxşı nəticəni əldə edə bilmədik. Belə bir birlik nümayiş etdirən komanda ilə buna nail ola bilməmək çox ağrılıdır. İndi isə bu möhtəşəm ailə ilə vidalaşmalıyam”.

Xatırladaq ki, Bekkasese 2024-cü ildə Ekvador millisinin baş məşqçisi təyin olunmuşdu.

Ekvador yığması dünya çempionatının qrup mərhələsində 4 xal toplayaraq üçüncü yeri tutmuşdu. Komanda bu mərhələdə Kot-d’İvuara 0:1 hesabı ilə uduzub, Kurasao ilə qolsuz heç-heçə edib, Almaniya millisini isə 2:1 hesabı ilə məğlub etmişdi. Ekvador daha sonra 1/16 finalda Meksikaya 0:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb.

Bekkasese məşqçilik karyerası ərzində Argentinanın “Defensa Xustisiya”, “İndependyente” və “Rasinq”, həmçinin İspaniyanın “Elçe” komandalarını da çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: