Bellingem İngiltərə millisinin DÇ rekordunu yenilədi

Futbol üzrə İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem bir dünya çempionatında ən çox qol vuran ingilis futbolçu adına sahib çıxıb.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu buna DÇ-2026-nın üçüncü yer uğrunda Fransa ilə keçirilən qarşılaşmada nail olub.

Cud bu oyunda fərqlənərək turnirdəki qol sayını 7-yə çatdırıb.

Beləliklə, o, İngiltərə millisinin bir mundial ərzində vurulan qollar üzrə rekordunu yeniləyib. Əvvəlki rekord 6 qol idi və bu göstəriciyə Qari Lineker 1986-cı ildə, Harri Keyn isə 2018-ci il dünya çempionatında imza atmışdı.

Bellingem 2023-cü ilin yayından İspaniyanın “Real” klubunun formasını geyinir. O, Madrid təmsilçisi ilə UEFA Çempionlar Liqasının, La Liqanın, İspaniya Super Kubokunun, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi DÇ-2026 iyulun 19-da keçiriləcək final oyunu ilə başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: