“Loryan”ın fransalı sol cinah müdafiəçisi Benjamen Mendi keçmiş klubu “Mançester Siti”yə qarşı çoxmilyonluq iddia qaldırıb.
Arena.az bu barədə “Sky Sports” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, fransalı futbolçu cinsi zorakılıq iddialarına görə xeyli müddət futboldan kənarda qalıb. Hazırda Mendi ona qadağa qoyulduğu dövr üçün – 2021-ci ilin sentyabrından 2023-cü ilin iyuluna qədər “Mançester Siti” tərəfindən ödənilməmiş maaşına görə təzminat istəyir.
Cari ilin iyul ayında Benjamen təqsirləndirildiyi iş üzrə günahsızlığı sübuta yetirilərək, bəraət alıb. Bundan sonra o, azad agent qismində “Loryan”a keçərək, karyerasını bərpa edib.
Mendi sonuncu dəfə 2021-ci il avqustun 15-də İngiltərə Premyer Liqasında “Mançester Siti”nin “Tottenhem”ə uduzduğu (0:1) oyunda meydana çıxmışdı.
Mendinin müvafiq iddiası ilə bağlı “Mançester Siti”nin düşərgəsindən hələ məlumat yoxdur. Güman edilir ki, İngiltərə klubu ad-sanını nəzərə alıb məsələni səs-küysüz yoluna qoyacaq. Mendinin böyük futbola qayıtması “Loryan” azarkeşləri tərəfindən alqışlarla qarşılanıb. Ümumiyyətlə, Mendinin cari ilin sentyabrın 17-də böyük futbola qayıdışı ilə bağlı debütünü uğurlu adlandırmaq olar. Benjamin Liqa 1-in 5-ci turunda “Monako”ya qarşı ev oyununda hesab 1:2 qonaqların xeyrinə ikən meydana çıxıb və komandasının məğlubiyyətdən xilas olması üçün töhfəsini verib – 2:2.
Mendinin “Loryan”la müqaviləsi bu ilin iyul ayının 19-da imzalanıb. Müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Loryan”a qədər Mendi “Havr”, “Olimpik” (Marsel), “Monako” və “Mançester Siti”də çıxış edib.
Cari mövsümdə fransalı müdafiəçi “Loryan”ın heyətində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Mendinin futbolçu karyerasında qazandığı uğurların böyük qismi məhz “Mançester Siti”nin adı ilə bağlıdır. Benjamen şəhərlilərlə İngiltərə Premyer Liqasının (4 dəfə), İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun (4 dəfə), İngiltərə Super Kubokunun (2 dəfə) qalibi olub. Həmçinin o, “Monako” ilə 2016/2017 mövsümün Fransa çempionatının qalibi olub.
Benjamen Mendi 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 10 oyun keçirib, 2 məhsuldar ötürmə verib. Mendi “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı Mendini 3 milyon avro məbləğində qiymətləndirir.


