“Benjamin Pavarı ala bilərik” – Cüzeppe Marotta

“İnter”in baş direktoru Cüzeppe Marotta “Bayern”in fransız müdafiəçisi Benjamin Pavarı transfer etmək niyyətində olduqlarını açıqlayıb.

Arena.az bu barədə jurnalist Fabrisio Romanoya istinadən məlumat verir.

“Biz Benjamini yeni oyunçumuz kimi bu gün elan etməyəcəyik, amma… Biz yaxşı vəziyyətdəyik. Pavarı imzalamaq üçün əlimizdən gələni edirik. Bu illüziya deyil, biz bunu edə biləcəyimizi hiss edirik”, deyə Marotta inamla bildirib.

Pavar müdafiənin sağ cinahında çıxış edir, amma zərurət halında mərkəz müdafiəçisi kimi də oynamağı bacarır.

Xatırladaq ki, daha əvvəl “İnter”in fransız müdafiəçi Benjamin Pavar üçün əlavə ödənişlər də daxil, “Bayern”ə 30 milyon avrodan çox ödəməyə hazır olduğu bildirilirdi. Marotta fransız müdafiəçinin də “İnter”ə keçmək istədiyini bildirib.

Pavar 2019-cu ildən “Bayern”də çıxış edir. Müdafiəçi əvvəllər “Ştutqart”da çıxış edib.

Geridə qalmış 2022/2023 mövsümündə Pavar “Bayern”in heyətində 43 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə isə o, 1 oyunda meydana çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pavar 2017-ci ildə debüt etdiyi Fransa yığmasının heyətində 49 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. O, “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş mundialın qalibi olub.

Pavarın “Bayern”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 27 yaşlı Benjamin Pavarı 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: