Benua Badyaşil də “Qarabağ”a qarşı oynamayacaq

Futbol üzrə Fransa milli komandasının və “Çelsi”in müdafiəçisi Benua Badyaşil ən azı dekabra qədər komandaya kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki bu, bu barədə London təmsilçisinin baş məşqçisi Enzo Mareska məlumat verib:

“Badyaşil dekabra qədər oynamayacaq. Onun əzələ problemləri var”.

24 yaşlı fransalı müdafiəçi mövsümün əvvəlində də zədə səbəbindən meydana çıxa bilmirdi. O, zədədən qayıtdıqdan sonra 3 oyunda iştirak edib və ümumilikdə 147 dəqiqə oynayıb.

“Çelsi” sabah İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.

Xatırladaq ki, Mareska daha əvvəl yarımmüdafiəçi Koul Palmerin də uzun müddət oynamayacağı xəbərini vermişdi. Onun komandası noyabrın 5-də, UEFA Çempionlar Liqası çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq.

Benua Badyaşil “Monako”nun yetirməsidir. O, bu klubun əsas komandasında 135 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Mərkəz müdafiəçisi “Çelsi”yə 2023-cü ilin yanvarında 38 milyon avro müqabilində keçib. 24 yaşlı futbolçunun İngiltərə klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

Badyaşil “Çelsi”nin heyətində indiyə qədər 58 oyuna çıxıb. O, bu oyunlarda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Benua 2022-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: