Berdıyev: “Səbail”lə matçda 2 xal itirdik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 29-cu turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis qolsuz bitən matçdan (0:0) matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı başa düşürük ki, bu gün iki xal itirdik. İlk hissədə ehtiyatlı idik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Amma bir qol çatışmadı. Son oyunlardakı nəticələr barədə düşünürük. Oyunçularla da danışırıq. Ümid edirik ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq”.

Kurban Berdıyev oyundan sonra Veysəl Rzayevlə azarkeşlər arasında yaranmış insidentdən xəbərsiz olduğunu vurğulayıb. O, həmçinin Tural Bayramlını ümumiyyətlə siyahıdan silməsi barədə suala isə belə cavab verib:

“Xeyr, sadəcə, rəqabət çox güclüdür. Hamını eyni anda meydana buraxmaq olmur. Anton Kraçkovski isə xəstə idi. Amma xəstələnməsəydi, onun haqda da düşünürdük. Bu, elə mövqedir ki, rəqabət yüksəkdir. Özü də legionerdir”.

Berdıyev qışda transfer etdikləri oyunçularla bağlı tənqidləri də cavablayıb:

“Uğursuz transferlər olduğunu deməzdim. Hurtado və Jo sintetik meydançaya cəld reaksiya verirlər, yaxşı təsir etmir”.

“Səbail”in baş məşqçisi Elvin Məmmədov isə heç-heçəyə belə şərh verib:

“Çempionatın ən təcrübəli məşqçisinə və ən ağır komandasına qarşı oynayırdıq. Durumun fərrqindəydik. Uşaqlar maksimumu etdilər. Onları təbrik edirəm. Bu gün hər qazanılan xal bizim üçün nəticədir. Komandanı bu durumdan çıxarmaq üçün öz yolumuzdan əl çəkməyəcəyik.

Zədəlilərimiz var. Əlimizdə olan futbolçuların hər birinə güvənirik. Bu matça 3 xal üçün çıxmışdıq. “Turan Tovuz”a qarşı oynamaq asan deyil. Onlar çox möhkəm komandadır. Standart vəziyyətlərdə ideal işlər görürlər. 3 xal istəyirdik. Uduzmadıqsa, gözəldir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: