Berqveyn: “Səudiyyə Ərəbistanında rəqabət daha yüksəkdir”

“Aykas”dan “Əl-İttihad”a keşmiş niderlandlı vinger Stiven Berqveyn Səudiyyə Ərəbistanı və Niderland liqalarını müqayisə edib.

Arena.az “Telegraaf” dərgisinə istinadən məlumat verir ki, niderlandlı futbolçu Niderland yığmasının baş məşqçisi Ronald Kumanın onun bu qərarını tənqid etməsi ilə nədən incidiyini açıqlayıb.

Xatırladaq ki, Kuman, Berqveyn üçün milli komandanın qapılarının bağlandığını bildirmişdi.

“Onun dediyi odur ki, bu, idmani addım deyil və s. Onu əmin edə bilərəm ki, Səudiyyə Ərəbistanında rəqabət Niderlanddan yüksəkdir. Baxın, orada ən yaxşı futbolçular oynayırlar. Mövsümöncəsi məşq zamanı isə “Əl-İttihad” “İnter”ə qalib gəlib.

Yəni bir oyunçu daha da inkişaf etmək üçün Erediviziyanı tərk etməlidir, mən isə qalmalıyam? Millinin çalışdırıcısı yaxşı bilir ki, Səudiyyə Ərəbistanında yarış əla səviyyədədir. Kante bir ildir ki, orada çıxış edir, Avropa çempionatında isə Niderland yığması ilə oyunun ən yaxşı oyunçusu olub. 2023-cü ildə “Mançester Siti”dən “Əl-Nəsr”ə keçmiş Emerik Lyaport isə İspaniya yığması ilə Avropa çempionu oldu”, deyə niderlandlı oyunçu fikrini əsaslandırıb.

Sol cinah hücumçusu mövqeyində çıxış edən Stiven Berqveyn futbola “Vaterveyk” klubunda qədəm qoyub. “Ayaks” və PSV-nin futbol akademiyalarında yetişmiş Berqveyn böyük futbola Eyndhoven təmsilçisinin heyətində gəlib. Niderlandlı hücumçu karyerası ərzində sonralar “Tottenhem” və “Ayaks”da çıxış edib.

2024-cü ilin sentyabrında “Əl-İttihad” 21 milyon avro məbləğ müqabilində Berqveyni “Ayaks”dan tamhüquqlu keçid əsasında öz heyətinə qatıb. Ərəb klubu niderlandlı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Berqveyn “Ayaks”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Berqveyn “Əl-İttihad”ın heyətində hələ siftəsini etməyib.

Stiven Berqveyn 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 35 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Stiven Berqveynin qənimətlər muzeyində PSV ilə qazandığı Niderland çempionluğu (3 dəfə) və Niderland Super Kuboku var.

“Transfermarkt” internet-portalı 26 yaşlı niderlandlı sol cinah hücumçusunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: