“Beşiktaş” “Luqano” ilə matça 12 əskiklə çıxacaq

Türkiyənin “Beşiktaş” komandası Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turununun oyununa ciddi itkilərlə çıxacaq.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi sabah qrup mərhələsinin son turu çərçivəsində İsveçrədə “Luqano”nun qonağı olacaq.

Lakin “qara qartallar” bu matçdan əvvəl heyətlə bağlı ciddi problemlərlə üzləşib. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Belə ki, “ağ-qaralar”ın bir neçə futbolçusu bu qarşılaşmada iştirak etməyəcək. Qapıçı Mert Günok, müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Jedson Fernandeş zədə səbəbindən komandaya kömək edə bilmir. Zəhərlənən hücumçu Ante Rebiç, bərpa prosesi davam edən müdafiəçi Artur Masuaku, vinger Milot Raşiça və Yakup Arda Kılıç da matçı buraxacaqlar. Digər yarımmüdafiəçi Necip Uysalın durumuna isə oyun günü aydınlıq gələcək.

Bu oyunçulardan başqa beş futbolçu da cəzalıdır. Belə ki, klub rəhbərliyi bir neçə gün əvvəl Vensan Abubakar, Valantin Rozye, Erik Bayi, Rəşid Gezzal və Jan Onananı zəif performans və komanda daxilində uyğunsuz davranış səbəbindən heyətdən uzaqlaşdırıb. Bir sözlə, azı 12 futbolçunun sabahkı qarşılaşmada “qara qartallar”a kömək edə bilməyəcəyi dəqiqdir.

Xatırladaq ki, dekabrın 14-də baş tutacaq “Luqano” – “Beşiktaş” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Hər iki komanda son tur ərəfəsində növbəti mərhələyə vəsiqə şansını itirib. Türkiyə təmsilçisi hazırda 1 xalla sonuncu pillədə qərarlaşıb. Komanda keçirdiyi əvvəlki beş oyundan dördündə uduzub və cəmi bir heç-heçə edə bilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: