Kamerun millisinin və Türkiyənin “Beşiktaş” klubunun hücumçusu Vensan Abubakar ötən gecə xəstəxanaya yerləşdirilib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçunun dünən məşqdən sonra halı pisləşib. Kamerunlu forvard qarın ağrısı və yüksək temperatur səbəbindən ötən gecəni xəstəxanada keçirib. Hazırda onun müalicəsi davam etdirilir.
“Beşiktaş” oktyabrın 30-da Türkiyə Super Liqasının 10-cu turu çərçivəsində “Qaziantep”i qəbul edəcək. Abubakarın bu oyunu buraxacağı ehtimal olunur.
Xatırladaq ki, Vensan Abubakar bu ilin yanvar ayından “Beşiktaş”da forma geyinir. 31 yaşlı forvard əvvəllər də bu komandada çıxış edib. Kamerunlu futbolçu İstanbul təmsilçisində bütövlükdə 101 matça çıxıb, 59 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. O, “Əl-Nəsr”, “Portu”, “Koton Sport”, “Valensyen” və “Loryan” kimi klubların da formasını geyinib. Abubakar Kamerun yığmasında 97 oyun keçirib, 37 qol vurub.


