Bilbao “Atletik”i 40 il sonra İspaniya Kubokunu qazandı – Video

Bilbao “Atletik”i finalda “Malyorka” üzərində qazandığı qələbə sayəsində İspaniya Kubokunun 2023/2024 mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, ötən gecə İspaniya Kubokunun final qarşılaşması baş tutub.

Sevilyadakı “Estadio de La Kartuxa”da baş tutan həlledici oyunda La Liqa təmsilçiləri “Atletik”lə “Malyorka” komandaları üz-üzə gəliblər.

Qarşılaşmanın əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Hesabı “Malyorka” açıb. Daniel Rodriqes bu komandanı 21-ci dəqiqədə hesabda önə keçirib. Amma “Atletik” 50-ci dəqiqdə Oyan Sansetin vurduğu cavab qolu ilə hesaba tarazlıq gətirə bilib. Qalan dəqiqələrdə və əlavə vaxtda başqa qol qeydə alınmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yetirən “Atletik” 4:2 hesabı ilə qalib gəlib və kuboka sahib çıxıb.

Bilbao “Atletik”i tarixində 24-cü dəfə İspaniya Kral Kubokunu qazanıb. Komanda sonuncu dəfə bu mükafata 40 il əvvəl – 1983/1984 mövsümündə yiyələnmişdi. Klub bu turnirdə qələbə sayına görə yalnız “Barselona”dan (31) geri qalır. Madrid “Real”ı bu turnirdə 20, paytaxtın digər təmsilçisi “Atletiko” isə 10 dəfə zəfər sevinci yaşayıb.

İspaniya Kral Kuboku
Final
6 aprel

Atletik – Malyorka 1:1 (penaltilər 4:2)
Qollar: Oyan Sanset, 50 – Daniel Rodriqes, 21.

Xəbəri sosial şəbəkələrdə paylaş: