“Mançester Yunayted”in və İngiltərə yığmasının əfsanəsi Ser Robert “Bobbi” Çarltonun ölüm səbəbi məlum olub.
Arena.az bu baərə BBC-yə istinadən məlumat verir.
Çarltonun ölümü ilə bağlı araşdırmada onun Natsfordda demensiya xəstələrinə qayğı göstərən “The Willows” qocalar evində yaşadığını deyir.
Çeşirin baş koroneri Jaklin Devoniş, Çarltonun ölümünün təsadüfi olduğu qənaətinə gəlib. İclasda deyilib ki, o, stuldan qalxarkən müvazinətini itirdikdən sonra pəncərənin eşiyinə və ya “bəlkə də radiatora” çırpılıb.
Yıxıldıqdan sonra Çarlton tam bədən müayinəsindən keçib, amma əməkdaşlar heç bir nəzərəçarpacaq xəsarət görməyiblər və həmçinin bunun Çarltonun hərəkətliliyinə təsir etmədiyini vurğulayıblar.
Daha sonra Bobbi Çarltonun kürəyində şiş olduğunu görəndə, qocalar evinə tibb işçiləri çağırılıblar. Çarlton, müayinə üçün yerli xəstəxanaya aparılıb və sonra “Maklsfild-Ceneral” xəstəxanasına köçürülüb. Yıxıldıqdan beş gün sonra Ser Bobbi vəfat edib.
Çarltona 2020-ci ildə demansiya diaqnozu qoyulmuşdu və əfsabəvi futbolçu uzun müddət bu fəsaddan əziyyət çəkirdi.
Demansiya beyinin zədələnməsi ilə bağlı olan, psixi funksiyaların pozulmasına, yaddaş itkisinə, əvvəllər əldə edilmiş biliklərin və təcrübi bacarıqların itirilməsinə səbəb olan xəstəlikdir. Xəstənin gündəlik fəaliyyəti pozulur və ona daimi qulluq tələb olunur.
Ser Bobbi Çarlton İngiltərə tarixinin ən yaxşı futbolçularından biri hesab edilir. Çarlton İngiltərə yığması ilə 1966-cı il dünya çempionatının, 1968-ci ildə “Mançester Yunayted”lə Çempionlar Kubokunun qalibi olub. Həmçinin əfsanəvi ingilis futbolçu 1966-cı il mövsümü “Qızıl top” mükafatının qalibidir. Çarlton 1958-ci ildə “Mançester Yunayted” futbolçularının və məşqçi heyətinin ölümü ilə nəticələnmiş Münhen aviaqəzasından sağ çıxanlardan biri idi.
Ser Robert “Bobbi” Çarlton oktyabrın 21-də 87 yaşında dünyasını dəyişib.


