“Bohum” Kundeni gətirdi, Hornu icarəyə verdi

Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Yunanıstanın “Olimpiakos” klubundan yarımmüdafiəçi Pyer Kundeni icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kamerun yığmasının da üzvü olan futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.

Pyer Kunde 2021-ci ildən “Olimpiakos”da forma geyinir. 27 yaşlı futbolçu Yunanıstan təmsilçisində 39 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Maynts”, “Qranada”, “Ekstremadura”, “Atletiko B” (Madrid), “Alkobendas” komandalarının da formasını geyinib. Yarımmüdafiəçi Kamerun yığmasında da 34 oyun keçirib, 1 qol vurub.

“Bohum” müdafiəçisi Yannes Hornu da “Nürnberq”ə icarəyə verib. 25 yaşlı futbolçunun bu ilin 30 iyununa kimi icarədə oynayacağı açıqlanıb.

Yannes Horn 2022-ci ilin yayından “Bohum”da forma geyinir. O, bu komandada cəmi 3 matça çıxıb. Əsas heyətə düşməkdə çətinlik çəkən alman müdafiəçi bu üzdən də özünə yeni iş yeri axtarmaq qərarına gəlib.

Horn daha öncə “Volfsburq”, “Köln” və “Hannover”də forma geyinib. O, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarının da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: