Bonuççi “Napoli”nin Konte ilə uğuruna inanır

“Yuventus”un sabiq müdafiəçisi Leonardo Bonuççi yeni baş məşqçi Antonio Kontenin rəhbərliyi altında “Napoli”nin imkanlarını qiymətləndirib.

Arena.az veteran italyan futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən Kontenin “Napoli”ni A Seriyasında ən azı ikinci yerə aparacağı fikri ilə tamamilə razıyam. Keçən mövsüm baş vermiş bütün çətinliklərdən sonra “Napoli” ən yaxşı seçimi etdi”, deyə Bonuççi vurğulayıb.

Xatırladaq ki, Antonio Konte iyunun 5-də “Napoli” ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

O, son olaraq İngiltərənin “Tottenhem” komandasında baş məşqçi işləyib. Konte 2023-cü ilin martında “Tottenhem”dən qarşılıqlı razılaşma əsasında ayrılandan bəri, işsiz idi.

İtalyan mütəxəssis məşqçilik karyerası ərzində “Siena”, “Bari”, “Atalanta”, “Yuventus”, “Çelsi”, “İnter” kimi komandalara da rəhbərlik edib. O, bir müddət İtaliya millisinin də baş məşqçisi olub.

Konte “Yuventus”la 3 (2011/2012, 2012/2013, 2013/2014), “İnter”lə 1 dəfə (2020/2021) İtaliya çempionu olub. 54 yaşlı mütəxəssis “Çelsi”ni də (2016/1017) İngiltərə çempionu edib. Kontenin uğurları arasında 2013/2014 mövsümünün İtaliya Super Kuboku (“Yuventus”la) və 2017/2018 mövsümünün İngiltərə Kuboku (“Çelsi”) da var.

2023/2024-cü illər mövsümünü “Napoli”, İtaliya çempionu kimi qatıldığı A Seriyasında 53 xalla yarış cədvəlinin 10-cu pilləsində başa vurub və avrokuboklardan kənarda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: