ABŞ yığmasının kapitanı və “Bornmut”un dayaq yarımmüdafiəçisi Tayler Adams bud əzələlərində yaranmış fəsada görə əməliyyat edilib.
Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Adamsın sağalması təxminən 5 ay çəkəcək. Beləliklə, Adams ən azı fevralın ortalarına qədər yaşıl meydanlardan kənarda qalacaq.
Adams hələ də “Lids Yunayted”də oynayarkən, cari ilin mart ayında bud əzələlərindən əməliyyat edilib. Futbolçu bu səbəblə 6 ay futbolsuz qalıb. Bu müddət ərzində Adams “Bornmut”a qoşulmaq imkanı əldə edib, avqust ayında “gilaslar”ın düşərgəsinə keçib və sentyabrın 27-də Liqa Kubokun çərçivəsində “Stok Siti” ilə oyunda meydana qayıdıb. Həmin oyundan sonra Adams bir daha oynamayıb. Adamsın “Bornmut”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bornmut”a Adamsın transferi 26,90 milyon avroya baş gəlib.
Tayler Adams 2017-ci ilin noyabr ayında debüt etdiyi ABŞ yığmasının heyətində 36 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı Tayler Adamsı 20 milyon avro məbləğində qiymətləndirir.


