Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan İngiltərə “Mançester Siti”si ilə oyun Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Marko Roys üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, qonaqların 1:2 hesablı məğlubiyyətə üzüldüyü oyunda komandasının yeganə qolunu məhz alman futbolçu vurub.
Bununla da 31 yaşlı oyunçu “Borussiya”nın tarixinə düşüb. Məsələ burasındadır ki, Roys Dortmund klubunun Çempionlar Liqasında ən çox qol vuran futbolçusuna çevrilib. 31 yaşlı yarımmüdafiəçinin bu turnirdə 18 qolu var.
Bundan əvvəlki rekord isə polşalı Robert Levandovskiyə aid idi. Hazırda “Bavariya”da çıxış edən Levandovski “Borussiya” ilə Çempionlar Liqasında 17 qol vurub.
Dortmund “Borussiya”sının Çempionlar Liqasında ən çox qol vurmuş futbolçuları:
⚽️ 18 qol – Marko Roys
⚽️ 17 qol – Robert Levandovski
⚽️ 15 qol – Pyer-Emerik Obameyanq
⚽️ 12 qol – Erlinq Haland
⚽️ 10 qol – Yan Köller
Marko Roys “Mançester Siti”nin Çempionlar Liqasındakı uğurlu seriyasına da son qoyub. İngiltərə nəhəngi alman futbolçunun vurduğu qola qədər 788 dəqiqə idi qapısını toxunulmaz saxlamağı bacarırdı. Bundan əvvəlki rekord “Arsenal”a aiddir. London klubu ÇL-in 2005/26 mövsümündə 995 dəqiqə qapısından top buraxmayıb.
Qeyd edək ki, “Mançester Siti” Dortmund “Borussiya”sına ilk oyunda 2:1 hesabıyla qalib gəlib. “Şəhərlilər”in heyətində Kevin de Breyne və Fil Foden fərqlənib. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Almaniyada baş tutacaq.