Danimarka yığmasının baş məşqçisi Brayan Rimer UEFA Millətlər Liqası 1/4 finalının Portuqaliya yığması ilə ilk oyununu (1:0) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, danimarkalı mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Hər şeydən əvvəl, bu gün “Parken”də yenidən inanılmaz ab-havanın hökm sürdüyünü demək istəyirəm. Belə bir stadionun və belə azarkeşlərin dsətəyi – bu, böyük hədiyyədir. Bu, bizə çox kömək edir! Biz cəsurluq və güc-qüvvət nümayiş etdirmək istəyirdik və düşünürəm ki, oyunçularım da meydana məhz bu duyğularla çıxmışdılar. Onlar bizim planımızı mükəmməlcəsinə yerinə yetirdilər.
Mən ikinci qolu vurmadığımıza görə azacıq narazıyam. Çünki mən düşünürəm ki, bu gün biz buna layiq idik. Siz də bilirsiniz ki, belə oyunlarda bütün fürsətləri dəyərləndirmək gərəkdir. Odur ki, mən daha bir qol vurmağımızı istəyirdim”, deyə Brayan Rimer vurğulayıb.
Komandalar arasındakı cavab oyunu martın 23-də Lissabonda baş tutacaq.


