Breno Almeyda və “Neftçi”dən məhsuldarlıq rekordları

Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünün 5-ci turu “Neftçi” və braziliyalı futbolçusu Breno Almeyda üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk 5 turunda ən çox qol vuran komanda olub.

15 dəfə rəqib qapılarına yol tapmış “ağ-qaralar”ın orta məhsuldarlığı 3,00-ə bərabərdir.

Bu, Premyer Liqada son 12 mövsümün rekordunun təkrarıdır. 2016/2017-ci illər mövsümündə “Qəbələ” ilk 5 matçında 15 qola sevinib. Daha yüksək məhsuldarlıq isə sonuncu dəfə 2014/2015 mövsümündə qeydə alınıb. Həmin vaxt “İnter” (indiki “Şamaxı”) 16 qola sevinib.

“Neftçi” özünün XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb. Bakı klubu sonuncu dəfə 2000/2001-ci illər mövsümündə daha çox qol vurub. Ötən əsrə təsadüf edən son startda paytaxt təmsilçisi 5 oyunda 17 qol vurub.

“Neftçi”nin 6 qoluna imza atmış Breno Almeyda son 14 mövsümün rekordunu təkrarlayıb. İlk 5 görüşdə daha çox qol vuran sonuncu oyunçu Junior Nildo 2012/2013-cü illər mövsümündə AZAL-ın heyətində 7 dəfə fərqlənib. Sonrakı illərdə Baqali Dabo (“Qəbələ”) 2016/17, Ramil Şeydayev (“Qarabağ”) 2022/2023-cü illər mövsümündə Breno kimi 6 qol vurub.

“Neftçi”də isə son 16 mövsümdə ilk dəfə futbolçusu ilk 5 qarşılaşmada bu qədər qol vurub. 2010/2011-ci illər mövsümündə Bahodir Nasimov 7 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: