Byelsa Cənubi Amerika futbolunun vəziyyətini tənqid etdi

Uruqvay yığmasının baş məşqçisi Marselo Byelsa ən yaxşı gənc futbolçularını saxlaya bilməyən Cənubi Amerika futbolunun halını tənqid edib.

Arena.az “Relevo” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu qədər məşhur olan futbola nə oldu? Kasıbların xoşbəxtliyi əldə etmək imkanları çox azdır, çünki bu xoşbəxtliyi almağa pulları yoxdur. Futbol pulsuz olduğu üçün məşhurdur, seviləndir. Bu, əhalinin ən yoxsul təbəqələrini dəstəkləyən bir neçə məqamdan biridir, amma “Palmeyras”ın 17 yaşlı hücumçusu Endrik artıq… (oyunçunun Braziliyanı tərk edəcəyini bildirən əl hərəkətini göstərir – redaktorun qeydi). Bütün bunlar kədərlidir və bu sözlər mənə tənqiddən başqa bir şey gətirməyəcək”, deyə Byelsa vurğulayıb.

Əlavə edək ki, Marselo Byelsanın sözlərində həqiqət var və son illər Braziliya mətbuatı bu haqda xüsusilə yazır. Varlı Avropa klublarının Cənubi Amerika futbol bazarını, xüsusilə Braziliya futbolunu talaması cənubiamerikan millilərinin və qitənin klub futbolunun qarşısıalınmaz tənəzzülünə yol açır, Cənubi Amerika futbol məktəbinin çökməsinə zəmin yaradır. Bu gün hətta Avropanın aparıcı yığmalarında milliləşdirilmiş braziliyalıların yer alması adi hala çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: