Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” komandasının baş məşqçisi Çağdaş Atan vəzifəsindən istefa verib.
Arena.az xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, Kayseri təmsilçisindən ayrıldığını bildirib. Türkiyəli məşqçi hər kəsə təşəkkür edib, komandaya bundan sonra uğurlar arzulayıb.
Xatırladaq ki, Çağdaş Atan 2022-ci ilin iyun ayından “Kayserispor”un baş məşqçisi postunda çalışırdı. O, bu komandanı bütövlükdə 43 oyuna çıxarıb. Kayseri klubu görüşlərdə 18 qələbə qazanıb, 8 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.
Atan daha öncə “Alanyaspor”un da baş məşqçisi olub, “Beşiktaş”da köməkçi məşqçi kimi çalışıb. Onun Emre Belözoğlunu istefaya göndərən “Başakşəhər”in baş məşqçisi təyin olunacağı gözlənilir. Artıq tərəflərin bununla bağlı razılığa gəldiyi iddia olunur. Hətta Çağdaşın Kayseri klubundan məhz İstanbul klubundan aldığı təklifə görə ayrıldığı da qeyd edilir.
Xatırladaq ki, bu, Super Liqanın cari mövsümündə üçüncü istefadır. Daha öncə Emre Belözoğlu “Başakşəhər”dən, Erdal Güneş isə “Qaziantep”dən ayrılmışdı. Yeri gəlmişkən, “Qaziantep” artıq rumıniyalı Marius Şumudiçanı yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim edib. Daha öncə də bu komandaya rəhbərlik etmiş 52 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Yeri gəlmişkən, “Kayserispor” iranlı müdafiəçisi Majid Hosseini ilə də yeni müqavilə bağlayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. 2021-ci ilin avqustundan “Kayserispor”da olan futbolçu bu komandada 6 oyuna 3 qol vurub. O, daha öncə Türkiyədə “Trabzonspor”un da uğurları üçün çalışıb. İran yığmasında 22 oyun keçirib.


