Camal Musiala bir həftə ərzində ikinci dəfə huşunu itirdi

“Bayern”in və Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala bir həftə ərzində ikinci dəfə keçirdiyi oyun zamanı huşunu itirib.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu çərşənbə axşamı “Bayern”in yoxlama oyununda “Haydenhaym”ı 4:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada yerə yıxılıb.

Musiala daha sonra ayağa qalxsa da, həkimlərin köməyi ilə meydanı tərk edib. O, bundan əvvəl avqustun 15-də “Leypsiq”lə keçirilən yoxlama matçında (3:1) isti hava səbəbindən huşunu itirmişdi.

Almaniyalı futbolçu son hadisələrə aydınlıq gətirərək onda nevroloji disfunksiya ilə əlaqəli müvəqqəti və müalicəyə yaxşı tabe olan absansların aşkarlandığını bildirib:

“Bunlar yaxınlarda “Leypsiq” və “Haydenhaym”la oyunlarda baş verən belə məqamlara səbəb ola bilər. Bilirəm ki, ilk baxışdan qorxulu görünür, amma hazırda bunlar mənim gündəlik həyatımın bir hissəsidir. Tibbi vəziyyətim əladır və çox optimistəm. “Bayern” və ətrafımdakı insanlar bu yolda həmişə yanımdadır və mənə dəstək olurlar. Əlavə sağlamlıq risklərinin olmadığını qeyd etmək vacibdir”, – deyə Musiala bildirib.

Camal Musiala 2020-ci ildən “Bayern”də çıxış edir. O, klubla 6 dəfə Almaniya çempionu olub, ölkə kubokunu, UEFA Super Kubokunu və Klublararası dünya çempionatını qazanıb. Futbolçu Almaniya millisində 46 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: