“Bayern”in hücumameyilli yarımmüdafiəçisi Camal Musiala Münhen klubunun keçmiş futbolçusu Ditmar Hamanın tənqidini cavablayıb.
Arena.az xatırladır ki, daha əvvəl Hamann, Musialanı “tənha artist” adlandırmışdı.
Veteran futbolçu Musialanın əvəzində “Bayer”in alman hücumameyilli yarımmüdafiəçisi Florian Virtsə üstünlük verdiyini bildirmişdi.
“Mən tənqidə həmişə açığım. Başqalarının nə dediyini eşidirəm, amma ən əsası – məşqçinin və komanda yoldaşlarımın məndən nə istədikləridir. Özümə diqqət edirəm və oyundan oyuna daha da yaxşılaşıram. Mən özümü münasibətdə çox tənqidkaram. Futbolumdan həzz almağa çalışıram, mətbuatın yazdıqlarına isə fikir vermirəm”.
Xatırladaq ki, İngiltərənin “Sauthempton” və “Çelsi” klublarının futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir.
Cari mövsümdə Musiala “Bayern”in heyətində 6 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 169 oyun, 46 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 36 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.


