“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının finalında “Bayer” üzərində möhtəşəm qələbəsi haqda danışıb.
Arena.az məlumat verir ki, “Atalanta” 3:0 hesablı qələbə qazanaraq, “Bayer”in 51 oyuluq mütləq Avropa rekordu olan məğlubiyyətsiz oyunlar silsiləsini qırıb və “əczaçılar”a cari mövsümdə ilk məğlubiyyət acısı yaşadıb.
“Məğlubedilməz komandalar yoxdur. Biz layiqincə qalib gəldik, daha güclü idik”, — iyalyan mütəxəssis oyunsonrası mətbuat konfransında deyib.
“Məsələ bizim qalib gəldiyimizdə deyil, necə qalib gəldiyimizdədir! Biz “Liverpul”u onlar yarış cədvəlinin zirvəsində ikən məğlub etdik, “Sportinq” və indi Leverkuzen “Bayer”i… bununla çox qürur duyuruq”, – məşhur italyan jurnalist-insayder Fabritsio Romano Can Pyero Qasperinidən sitat gətirir.
Xatırladaq ki, bu qənimət “Atalanta”nın klub tarixində ikinci, Avropa səhnəsində isə ilk qənimətidir. Berqamo təmsilçisi ilk qənimətini 1963-cü ildə, İtalya Kubokunun finalında “Torino”nu məğlub etməklə (3:1) qazanmışdı.
Həmçinin 66 yaşlı italyan mütəxəssis Can Pyero Qasperini peşəkar məşqçilik karyerası ərzində ilk kubokunu qazanmış olub. Buna qədər Qasperini 3 dəfə İtaliya Kubokunun finalına yüksəlmiş və həmin oyunlarda məğlubiyyət yaşamışdı.
Həmçinin əlavə edək ki, Qasperini Avropa Liqasının təsis edilməsindən sonra bu yarışı qazanmış ikinci italyan mütəxəssisdir.
Avropa Liqasını qazanmış ilk italyan mütəxəssis isə 2019-cu ildə “Çelsi” ilə bu zəfərə imza atmış Mauritsio Sarri olub. “Bakı Olimpiya Stadionu”nda keçirilmiş həmin oyunda “zadəganlar” “Arsenal” üzərində 4:1 hesablı qələbə qazamışdılar.


