Canluici Buffon Şərəf Xiyabanında ulduz aldı

İtaliya futbolunun əfsanəsi, “Yuventus”un keçmiş qapıçısı Canluici Buffon İtaliya idmanının Şərəf Xiyabanında ulduz alıb.

Arena.az bu barədə “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir.

Canluici Buffonun adı “Olimpiko” stadionunun yaxınlığındakı tavadaşlarının biri üzərində həkk edilib. Beləcə, İtaliya Milli Olimpiya Komitəsi Buffonun 2006-cı il dünya çempionatında “skuadra adzurra”nın qələbəsinə verdiyi töhfəni dəyərləndirib.

Xatırladaq ki, 2023-cü ilin avqust ayının 2-də “Cici” futbolçu karyerasına xitam verdiyini bəyan etmişdi. “Parma”nın yetirməsi olan qolkiperin futbol aləmində tanınması elə bu klubdakı çıxışı ilə bağlıdır (1995-2001). Ardınca istedadlı qapıçı “Yuventus”a keçib və bir qapıçı kimi yüksək səviyyəyə tərəqqi edərək ən güclülərdən birinə çevrilib. 2001-2018-ci illərdə “Qoca sinyora”nın heyətində çıxış etmiş Buffon, 2018-2019 mövsümünü PSJ-də keçirib və yenidən Turinə qayıdaraq daha iki il “Yuventus”da çıxışını davam etditib (2019-2021). 2021-2023-cü illər “Cici” üçün xüsusilə əlamətdardır. Buffon doğma klubu “Parma”ya qayıdaraq, komandanın A Seriyasına çıxması üçün böyük səylə çalışsa da, son anda bu imkanı əldən verib.

Canluici “Yuventus”la 10 dəfə İtaliya çempionu olub, 5 dəfə İtaliya Kubokunu, 6 dəfə İtaliya Super Kubokunu qazanıb.

Maraqlıdır ki, əfsanəvi qapıçı Çempionlar Liqasını qazanmağa üç dəfə yaxın olsa da, hər dəfə gümüş medalla kifayətlənməli olub (2003, 2015, 2017).

Canluici Buffon 1997-ci ilin oktyabr ayında debüt etdiyi İtaliya yığmasının heyətində 176 oyun keçirib, 146 qol buraxıb, 77 oyundan “quru” qurtulub. “Cici” 2006-cı ildə “skuadra adzurra”nın heyətində Dünya Kubokunun qalibi olub. Əlavə edək ki, Buffon İtaliya yığmasında ən çox oyun keçirmiş oyunçudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: