Canni De Byazi: “Daha çox qaçmalı, böyük enerji sərf etməliyik”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsinin Estoniya matçı öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, italiyalı mütəxəssis oyunun keçiriləcəyi “Dalğa Arena”da bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk iki oyunda uduzmuşuq. İki oyuna 9 qol buraxmışıq. İki güclü komanda ilə qarşılaşdığımızı da nəzərə almalıyıq. Həm Avstriya, həm də İsveçlə görüşün bəzi hissələrində yaxşı çıxış etdik. Təbii ki, fərdi səhvlər oldu, bu da bizə baha başa gəldi. Ümid edirəm ki, bu matçlar təcrübəsi az futbolçular üçün dərs olar.

Son iki görüşdə uduzduğumuzdan, uşaqlarda revanş istəyi var. Estoniyada mövsümün gedişidir. Bu, vacib amildir. Ancaq yenə də ümid edirəm ki, sabah 3 xal qazanacağıq. Ola bilər ki, bəzi oyunçular bu tempdə oynamağa öyrəşməyiblər. Başqa çempionata öyrəşmisənsə və rəqibin böyük liqalarda çıxış edirsə, çətinliklə üzləşəcəksən. Bizim matçlardakı inkişafı görmürüksə, deməli, özümüz görmək istəmirik”.

Canni De Byazi Estoniya ilə oyuna qələbə üçün çıxacaqlarını əlavə edib: “Rəqibin Avstriya ilə oyununu izləmişəm, yaxşı çıxış ediblər. Futbol riyaziyyat deyil. İstənilən halda sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Bilirəm ki, futbolçularımızda yorğunluq var. Ancaq uğur qazanmaq üçün rəqibdən çox qaçmalı, böyük enerji sərf etməliyik”.

67 yaşlı mütəxəssis son 7 qarşılaşmada tətbiq etdikləri sistemin uğurlu olduğunu düşünür: “Bu sistemdə yaxşı nəticələr göstərdik, 5 qələbə qazandıq. Düzdür, son iki görüşdə uduzmuşuq, bu da futbolda baş verir”.

O, hücumçu Mahir Emrelinin start heyətində və son vaxtlar çıxış etdiyi mövqedə yer alacağını vurğulayıb.

Yeri gəlmişkən, mətbuat konfransında iştirak edən Mahir Emreli də Estoniya ilə matçdan öncə fikirlərini bölüşüb:

“Karyera baxımından ağır mövsüm keçirdim. Mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhval-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”.

Sabah keçiriləcək Azərbaycan – Estoniya matçına saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: