Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Estoniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, italyan mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna yaxşı başladıq, erkən dəqiqələrdə qol vurduq. Fiziki cəhətdən güclü rəqibə qarşı mübarizə apardıq. Bu cür oyunda çox qaçmalısan, mübarizə aparmalısan. Bunu etməsək, çox çətin ola bilərdi. Yaxşı oyun göstərdik. Əvəzetmələrə gəlincə, Rahil Məmmədov, Emin Mahmudov və Mahir Emrelini sarı vərəqələri olduğu üçün əvəzlədim. Üç gündən sonra çox vacib oyunumuz var. Bəzi futbolçular yorulmuşdular, sarı vərəqələri də var idi. Rahil Məmmədov klubunda az oynayır. Avstriya ilə qarşılaşmanı da düşünməliyik. Rəqib bizi çox qaçmağa vadar edəcək. Bu səbəbdən oyunçularımın hazır olmasını istəyirəm”.
O, seçmə mərhələdə daha bir qələbə qazanacaqlarına ümid etdiyini bildirib.
Millimizin çalışdırıcısı Mahir və Rahilin əvəzlənməsini narazılıqla qarşılamasına da münasibət bildirib: “Ola bilər qol vurmadıqları üçün narazı idilər”.
Canni De Byazi azərbaycanlı jurnalistlərin tənqidi sualları qarşısında qəzəblənib və mətbuat konfransını yarıda qoyub: “Siz sevinməyi bacarmırsınız. Sual çətin deyil, sadəcə, sual verə bilmirsiniz…”, -deyə italyan çalışdırıcı zalı tərk edib.
“Bu, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir”
Estoniya yığmasının baş məşqçisi Tomas Heberli isə komandasının məğlubiyyəti barədə bunları dilə gətirib:
“Birinci hissədə iki qol buraxmaq çox idi. Biz də pis oynamadıq, şanslarımız oldu. İkinci hissədə daha yaxşı çıxış etdik. Amma qol vurmasanız, vəziyyəti dəyişməyiniz mümkün deyil. Hələ püşkatma zamanı beşinci səbətdə idik. Yəni güclü qrupa düşdüyümüzü öncədən bilirdik. Noyabrda Avstriya və İsveçə qalib gəlsək, hər kəs komandanın tarixindəki ən mühüm qalibiyyətdən bəhs edəcək. Belə ağ-qara yanaşma kifayət qədər bezdiricidir”.
İsveçrəli mütəxəssis azarkeşlərin onları fitə basmasından narazılığını bildirib: “Fasilədə və oyundan sonra azarkeşlərin fitə basması İsveç, Avstriya, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir. Düşünürəm ki, gözləntilər və reallıq tarazlıqda deyil. Komandamız sona qədər “döyüşdü”. Amma haradan gəldiyimizi düşünməliyik. Biz bunu qəbul edib, təvazökar olmalıyıq. Azarkeşlər fitə bassalar belə, işimizə davam edəcəyik”.


