Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsinin Estoniya ilə səfər matçı öncəsi fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün Tallin şəhərində baş tutan mətbuat konfransında bunları söyləyib:
“Estoniya ilə Bakıdakı ilk oyunun birinci hissəsində yaxşı çıxış etməmişdik. İkinci hissədə isə tam fərqli oyun nümayiş etdirmişdik. Sabah ilk oyunun ikinci hissəsindəki kimi oynamalıyıq. Heç bir baş məşqçi oyundan əvvəl uduzmaq və ya heç-heçə etmək istədiyini demir. Sabah çox ağıllı oynamalıyıq.
Son bir ildə 13 matç keçirmişik. 6 qələbə qazanmışıq. Avstriya və İsveç kimi güclü rəqiblərə uduzmuşuq. Həmin qarşılaşmalarda böyükhesablı məğlubiyyət bizim üçün dərs olmalıdır”.
Canni De Byazi zədəli Bədavi Hüseynov və Bəhlul Mustafazadənin vacib futbolçular olduğunu vurğulayıb: “Bundan əlavə, kimisə milliyə çağırmıramsa, deməli səbəblər var. Burada oynamaq istəyiriksə, bunun üçün hər şeyi etməliyik”.

Millimizin kapitanı Emin Mahmudov da Estoniya ilə matçdan öncəki mətbuat konfransında fikirlərini bölüşüb:
“Estoniya ilə oyun bizim üçün çox vacibdir. Bu matçda ilk qələbəmizi qazanmaq istəyirik. Burada olanda yalnız milli haqqında düşünürəm və xeyir vermək istəyirəm. Sabah vacib gün olacaq. Maksimum gücümüzü nümayiş etdirməliyi. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yaxşı nəticə ilə evə qayıtmaq niyyətindəyik”.
“Azərbaycan yığması səviyyə baxımından bizə ən yaxın komandadır”
Estoniya millisinin baş məşqçisi Tomas Heberli isə evdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçından əvvəlki mətbuat konfransında bunları dilə gətirib:
“Biz optimistik, amma eyni zamanda realist olmalıyıq. Azərbaycan yığması səviyyə baxımından bizə ən yaxın komandadır. Bu, təbii ki, sabahkı oyunu vacib edir. Biz həmişə öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq. İyunda Bakıda keçirilən oyundakı heç-heçədən (1:1) nəyi götürə bilərik? Fikrimcə, biz orada yaxşı oynadıq, xüsusən də birinci hissədə. Azərbaycanın texniki və emosional komandası var, onların oyunçuları yaxşı səviyyədə oynayır. Amma bizim də yaxşı komandamız var – fərqli, lakin yaxşı. Oyuna nəzarət etməyi bacarmalıyıq. Baxmayaraq ki, onlar topa oynamağı sevirlər. İsveçə qarşı oyunda rəqiblərindən daha çox topa sahib idilər. Bu, Azərbaycan yığması haqqında çox şey deyir. Biz kompakt olmalıyıq, hücum və müdafiə arasında yaxşı tarazlıq tapmalıyıq”.
Xatırladaq ki, sabah Tallində keçiriləcək Estoniya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.