“Bornmut”un hollandiyalı sol vingeri Castin Kluyvert İngiltərə Premyer Liqasında ilk qolunu vurub və müstəsna rekordu təkrarlayıb.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, Kluyvert Premyer Liqanın 13-cü turunda “Şeffild Yunayted”lə oyunda (3:1) komandasının qələbəsinə töhfə verməklə yanaşı, XXI əsrdə “Böyük beşlik” ölkələrinin milli çempionatlarında qol vurmağı bacarmış futbolçu kimi, müstəsna rekordu təkrarlamış olub.
Kluyvert bundan əvvəl “Roma”, “Leypsiq”, “Nitsa” və “Valensiya”nın heyətində milli birinciliklərdə qol müəllifi olub.
Müvafiq nailiyyətə imza atmış ilk futbolçu isə monteneqrolu mərkəz hücumçu Stevan Yovetiç olub. Bir vaxtlar Yovetiç “Fiorentina”, “Mançester Siti”, “İnter”, “Sevilya”, “Monako” və “Herta”da çıxış edərkən, yerli liqalarda qol müəllifi olub. Hazırda 34 yaşlı veteran Yovetiç Pirey “Olimpiakos”unda çıxış edir.
Castin Kluyvert Niderland yığmasının məşhur mərkəz hücumçusu Patrik Klyuyvertin oğludur. Castin “Bornmut”a cari ilin iyulunda 11,2 milyon avro müqabilində “Roma”dan keçib. Kluyvertin “albalılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Castin “Bornmut”un heyətində 10 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kluyvert 2018-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 2 oyun keçirib. O, cəmi 17 dəqiqə meydanda olub və məhsldar fəaliyyəti ilə diqqət çəkməyib. Castin Niderlandın əsas yığmasına düşmək üçün U-15, U-16, U-17, U-18, U-19, U-21 yığmalarından təcrübə yolu keçib.
“Transfermarkt” internet-portalı 24 yaşlı Castin Kluyverti 14 milyon avro məbləğində qiymətləndirir.


