Braziliya Futbol Konfederasiyasının (CBF) müvəqqəti prezidenti Xose Pedris FIFA-nın müvafiq məktubunu cavablayıb.
Arena.az xatırladır ki, söhbət FIFA-nın CBF-in öz prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçirəcəyi halda, Braziliya milli komandasını, eləcə də Braziliya klublarını, beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdıra biləcəyi haqda müvafiq məkutubundan gedir.
“Mundo Deportivo” Pedrisin bəyanatından belə sitat gətirir:
“Braziliya ədalətinin hökm etdiyi və bütün instansiyalarda təsdiqlənmiş qərarına uyğun olaraq, mən seçkiləri müəyyən edilmiş müddətdə təyin etməliyəm. Bunu şəffaflıq və dürüstlük prinsiplərinə uyğun olaraq etməliyəm”.
Xatırladaq ki, dekabrın 7-də Rio-de-Janeyro məhkəməsi CBF-nin o vaxtkı prezidenti Ednaldo Rodrigesi keçən il seçkilər zamanı yol verdiyi qanun pozuntularına görə müvafiq vəzifədən kənarlaşdırıb. Ötən həftə Braziliyanın iki ali məhkəməsi bu qərarı təsdiqləyib.


