Çeferin: “UEFA gələcək nəslə qoyuluş edir”

UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın yeniyetmələrdən ibarət yığmalarının beynəlxalq turnirlərə qaytarılmasına münasibət bildirib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Çeferinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“UEFA-nın Rusiyanın böyük komandalarına münasibətdə diskvalifikasiyasını davam etdirməsi aqressiyaya qarşı mövqe tutmaq istəyini təcəssüm etdirir. UEFA münaqişə bitənə və sülh bərpa olunana qədər bu mövqeyini saxlamaq niyyətindədir. Ancaq, uşaqların yarışlarımızda iştirakını qadağan etməklə, biz onların hərtərəfli inkişafı üçün əsas hüququnu nəinki tanımamış və dəstəkləməmiş, həm də onlara qarşı birbaşa ayrı-seçkilik etmiş oluruq. Uşaqlara Avropanın hər yerindən həmyaşıdları ilə oynamaq və rəqabət aparmaq imkanı verməliyik. Bununla da biz gələcək nəslin daha parlaq və bacarıqlı olmasına qoyuluş edirik”, deyə Çeferin UEFA-nın müvafiq məsələyə baxış perspektivlərini açıqlayıb.

Xatırladaq ki, bu gün UEFA İcraiyyə Komitəsi Rusiyanın yeniyetmələrdən ibarət futbol komandalarının (U-17 yığması daxil olmaqla, bu yaşa qədər bütün yığmalar) neytral statusda beynəlxalq turnirlərə buraxılmasını təklifi ilə çıxış edib. Lakin rusiyalı yeniyetmələr Rusiya ərazisində oyun keçirə və milli kimlik əlamətləri olan formalarda çıxış edə bilməyəcəklər.

Hazırda Rusiyanın Ukraynada apardığı yolverilməz hərbi əməliyyatlar səbəbindən bütün Rusiya klubları və yığma komandaları FIFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılıblar. Oxşar vəziyyət digər idman növlərində, xüsusən də komanda idman növlərində müşahidə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: