“Mançester Siti”nin və İngiltərə yığmasının sol vingeri Cek Qrilişin yeni evi qarət edilib və ailə üzvləri qorxu keçiriblər.
Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, xoşagəlməz hadisə Qriliş Premyer Liqanın 19-cu turu çərçivəsində “Everton”la səfər oyununda (3:1) ikən baş verib.
Həmin vaxt evdə oyunçunun 10-a yaxın qohumu, o cümlədən nişanlısı Saşa Ettvud, valideynləri, nənəsi, iki bacısı və qardaşı olub.
Qiliş, içərisində qayıqla gəzinti və balıq tutmaq üçün gölü, vertolyot meydançası olan yeddi yataq otaqlı malikanəyə Miladdan bir az əvvəl köçüb.
“Ailə həqiqətən sarsıntı içindədir. Cinayətkarlar xeyli sayda saat və qızıl-zinət əşyalarını aparıblar. Onlar basqını “Mançester Siti” oynayarkən ediblər və futbolçunun bütün ailəsi canlı yayım zamanı ona dəstək olmaq üçün aşağı toplaşıb. Heç kim zərər görməyib, amma böyük təlaş vardı.
Hər kəs həssas vəziyyətdə olduğu üçün dəhşətə gəlib. Bu, nəhəng bir mülkdür və əvvəlcə heç kimin heç nə eşitməməsi başa düşüləndir. Üstəlik, ailə ilk dəfə idi ki, bura gəlib, ona görə də malikanə tanış deyildilər. İtlər çılğınlaşmağa başlayanda və ailə üzvləri insanların gizlicə ətrafa qaçdığını eşidəndə həyəcan siqnalını çəkiblər.
Fövqəladə yardım qrupu dərhal bir neçə polis maşını və vertolyotla cavab verib. Əvvəlcə onlar girov və ya daha pis bir şeylə nəticələnə biləcək vəziyyətlə üzləşməkdən qorxublar”, – mənbə bildirib.
Hadisə yerinə gəlmiş polis Qrilişin qonşularına qapılarını bağlamağı və evlərinin içində qalmağı əmr edib.
Oğrular malikanədən 1 milyon funt-sterlinq (1,15 milyon avro) məbləğində saat və zinət əşyaları götürüblər, aradn çıxıblar. Ərazidə axtarış aparılsa da, şübhəlilərin izinə rast gəlinməyib. Hadisə ilə bağlı istintaq davam edir, amma polis hələlik heç bir həbs həyata keçirməyib və açıqlama verməyib.
Hadisələrin inkişafı gözlənilir.


