“Çelsi” tərəfindən “Vilyarreal”ın və Seneqal yığmasının hücumçusu Nikolas Cekson üçün gələn həftə rəsmi təklif ünvanlanacağı gözlənilir.
Arena.az xəbər verir ki, bu barədə italyan jurnalist-insayder Fabrisio Romano özünün “Twitter” hesabında məlumat verib.
Mənbənin məlumatına görə, “zadəganlar” 21 yaşlı futbolçu üçün 35 milyon avro klausula ödəməyə qərar veriblər və “Vilyarreal” bu barədə məlumatlandırılıb. İspan klubu bu təzminat sayəsində “Çelsi” ilə müqavilə bağlamağa hazırdır və futbolçunun keçidinə heç bir maneə və müdaxilə edə bilməz.
Klubların son bir neçə gün ərzində potensial ödəniş üçün müxtəlif planları müzakirə etdiyi bildirilir. Cekson daha üç klubdan təklif alsa da, məhz “Çelsi”yə keçmək istəyindədir.
2022/2023 mövsümündə Nikolas Cekson “Vilyarreal”ın heyətində 38 oyuna çıxıb, 13 qol vurub və 5 ötürmə verib.
“Transfermarkt” internet-portalı Ceksonu 30 milyon avro məbləğində qiymətləndirir.


