İngiltərə Futbol Assosiasiyası (FA) ilkin qərarını yenidən nəzərdən keçirərək, “Çelsi” komandasının Premyer Liqadakı xallarını silməmək qərarına gəlib.
Arena.az bu barədə FA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, klubun sahibi Roman Abramoviç olduğu dövrdə həyata keçirilmiş qanunsuz əməliyyatlara görə “zadəganlar”ın Premyer Liqada xallarının silinəcəyi ehtimal edilirdi. Sözügedən klub həmin dövrdə agentlərlə əməkdaşlıq qaydalarını 74 dəfə pozub. İlkin qərara əsasən, London klubu 10 milyon funt sterlinq məbləğində cərimələnmiş və ondan 6 xalın silinməsi nəzərdə tutulmuşdu. Lakin komanda bu qərardan apellyasiya verib. Nəticədə xal silmək əvəzinə, kluba növbəti iki transfer pəncərəsində yeni futbolçuları qeydiyyatdan keçirmək qadağan edilib. Klub isə maliyyə cəzası ilə bağlı qərara etiraz etməyib.
Araşdırma 2022-ci ildən davam edirdi. Həmin il “Çelsi”nin yeni rəhbərliyi əvvəlki idarəçilərin fəaliyyəti zamanı mümkün qayda pozuntuları barədə FA-ya məlumat vermişdi.
2022-ci ilin martında Böyük Britaniya hökuməti tərəfindən Abramoviç sanksiya siyahısına daxil edildikdən sonra Premyer Liqanın rəhbərliyi onu “Çelsi”nin idarəçiliyindən uzaqlaşdırmışdı. Klub 2022-ci ilin martında satışa çıxarılmış, komandanın idarəetməsi isə xeyriyyə fondunun qəyyumlarına həvalə edilmişdi. Daha sonra klub amerikalı biznesmen Todd Boulinin rəhbərlik etdiyi konsorsium tərəfindən 4,25 milyard funt sterlinqə satın alınıb. Sövdələşmə 2022-ci ilin mayında Böyük Britaniya dövlət qurumları tərəfindən təsdiqlənib.
Abramoviç “Çelsi”ni 2003-cü ildə ingiltərəli Ken Beytsdən təxminən 140 milyon funt sterlinqə (həmin vaxtkı məzənnə ilə təxminən 233 milyon dollar) almışdı. Rusiyalı biznesmenin sahibi olduğu dövrdə klub İngiltərə çempionluğunu və İngiltərə Kubokunu 5 dəfə, İngiltərə Liqa Kubokunu 3 dəfə qazanıb. “Zadəganlar” həmçinin ölkə super kubokunun, Çempionlar Liqasının və Avropa Liqasının hər birində 2 dəfə qalib olublar. 2021-ci ildə isə London klubu UEFA Super Kubokunu və Klublararası dünya çempionatını qazanıb.


