Bu gün keçiriləcək final oyunu ilə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşəcək.
Arena.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “İnter” və Fransanın PSJ komandaları üz-üzə gələcəklər.
Almaniyanın Münhen şəhərində keçiriləcək oyuna saat 23:00-da start veriləcək. Həlledici qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Finalda iştirak edən komandalardan “İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) yarışın qalibi adını qazanıb. Fransa klubu isə heç vaxt belə sevinc yaşamayıb.
UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb.
Turnirin tarixində ən çox qol vuran futbolçu Portuqliya yığmasının və “Əl-Nəsr” klubunun futbolçusu Kristiano Ronaldodur (141).
Qeyd edək ki, UEFA Çempionlar Liqasında ötən mövsümün qalibi İspaniyanın “Real” klubu olub.
Ardıcıl 4 il Fransa çempionluğunu qazanan PSJ-dən fərqli olaraq, “İnter” bu mövsüm A Seriyasında 2-ci yeri tutub. Rəqiblərin avrokuboklarda ilk şəxsi görüşünün də Çempionlar Liqasının finalına təsadüf etməsi diqqəti çəkir.
UEFA Çempionlar Liqası
Final
31 may
23:00. PSJ (Fransa) – İnter (İtaliya)
Münhen. “Münhen Arena”.


