Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 3 qarşılaşma baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – “Dinamo” (Zaqreb) Xorvatiyada Norveçin “Bodo Qlimt” komandasını sınağa çəkib. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə uduzmuşdu. Cavab görüşündə isə darmadağınla qalib gələn futbolçumuzun komandası ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. Mahir bu görüşün 60-cı dəqiqəsində meydana çıxıb, əlavə vaxta gedən matçın sonuna kimi oynayıb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” da cavab oyununu evdə keçirib. Qara dəniz təmsilçisi Danimarkada 1:2 hesabı ilə məğlub olduğu “Kopenhagen”i qəbul edib. Lakin trabzonlular qolsuz bitən cavab görüşündən sonra ÇL-lə vidalaşmalı olublar.
PSV isə Niderlandda Şotlandiya “Reyncers”i ilə münasibətlərinə aydınlıq gətirib. Qlazqodakı ilk görüşdə heç-heçə qeydə alınmışdı – 2:2. Cavab görüşündə isə “Reyncers” minimal hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.
Beləliklə, UEFA Çempionlar Liqasında qrup mərhələsinə bütün vəsiqələrin sahibi müəyyənləşib.
UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
24 avqust
Dinamo (Zaqreb, Xorvatiya) – Bodo Qlimt (Norveç) 4:1
Qol: Orşiç, 4. Petkoviç, 4. Drmiç, 117. Boçkay, 120 – Qronbaek, 70.
İlk oyun – 0:1
Trabzonspor (Türkiyə) – Kopenhagen (Danimarka) 0:0
İlk oyun – 1:2
PSV (Niderland) – Reyncers (Şotlandiya) 0:1
Qol: A.Çolak, 60.
İlk oyun – 2:2


