Ceydon Sanço “Çelsi”dəki debütünü şərh etdi

“Çelsi”nin cinah hücumçusu Ceydon Sanço Premyer Liqanın 4-cü turunun “Bornmut”la oyununda (1:0) “zadəganlar”ın heyətində debütündən danışıb.

Arena.az xəbər verir ki, ingilis futbolçu bu oyunda bir məhsuldar ötürmə verib.

“Çelsi”də debüt etmək heyrətamizdir. Yenidən oynaya bildiyim üçün çox minnətdaram. Komanda çox yaxşı çıxış etdi və üç xal qazandıq.

Bu məqam üçün çox çalışdım və öz fürsətimi əldə etdiyim üçün xoşbəxtəm. Ötən mövsümü Çempionlar Liqasının finalına yüksəlməklə əla başa vurmuşdum. Bunun üçün bütün heyətə və komanda yoldaşlarıma təşəkkür etməliyəm. Klubda olduğum ilk gündən məni isti qarşıladılar. Burada özümü bu qədər rahat hiss etdiyim üçün xoşbəxtəm”, deyə Sanço vurğulayıb.

“Çelsi”nin baş məşqçisi Entso Mareska da “zadəganlar”a yeni qoşulmuş Ceydon Sançonun kluba təsirindən söhbət açıb. İtalyan mütəxəssis bunları söyləyib:

“Mənə elə gəlir ki, Ceydon azarkeşlərin məhəbbətinə ehtiyacı olan bir oğlandır. Bizə qoşulmazdan əvvəl onunla danışanda belə düşünmüşdüm. Mən də bilirəm ki, onun necə bir oyunçu olduğunu göstərmək istəyi var, amma mənim üçün onun meydanda oynamasını izləmək, sadəcə, futbolun bir həzzidir”.

Xatırladaq ki, “Çelsi” Sançonu bu yay “Mançester Yunayted”dən mövsümün sonunadək icarəyə götürüb. İcarə ödənişsiz əsasda həyata keçirilib, amma “Çelsi” icarə müqaviləsinin sonunda – 2025-ci ilin iyun ayının sonunda Sançonu tamhüquqlu əsasda satın almağa mükəlləfdir. Ceydon “zadəganlar”ın heyətində cəmi 1 oyuna çıxıb, 1 assist edib.

Vaxtilə, yetirməsi olduğu “Mançester Siti”nin uğurları üçün çalışmış Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçmişdi. Çıxışı müddətində Sanço “qırmızı şeytanlar”ın heyətində 83 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sanço 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı ingilis vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: