Ceymi Bayno-Gittens “Borussiya” ilə 5 illik müqavilə bağladı

Almaniyanın “Borussiya” (Dortmund) klubu sol cinah vingeri Ceymi Bayno-Gittens ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.

19 yaşlı futbolçu ilə yeni sözləşmə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayında bitəcəkdi. Yeni sözləşməyə əsasən yarımmüdafiəçinin qazancında da artım olub.

Xatırladaq ki, Ceymi Bayno-Gittens əslən Barbadosdan olsa da, İngiltərənin paytaxtı Londonda dünyaya göz açıb. O, futbolun sirlərinə də bu ölkənin “Ridinq” və “Mançester Siti” klublarında yiyələnib. “Borussiya” Ceymini 2020-ci ilin sentyabrında azad agent kimi heyətinə qatmışdı. Gənc futbolçu Dortmund klubunun əsas komandasında 27 oyuna çıxıb. O, bu görüşlərdə 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Bayno-Gittens İngiltərənin U-15, U-16, U-18, U-19 və U-21 yığmalarında da forma geyinib. O, hazırda məhz gənclərdən ibarət yığmaya dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: