Ceyms Milner Rayan Giqqzi qabaqladı – Rekorda 20 oyun var

BPremyer Liqanın 21-ci tur “Brayton” – “Vulverhempton” oyunu (0:0) “qağayılar”ın igilis yarımmüdafiəçisi Ceyms Milner üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Milner İngiltərə Premyer Liqasında keçirdiyi oyunların sayına görə mütləq 2-ci yerə yüksəlib.

İngilis mərkəz yarımmüdafiəçisi üçün bu oyun Premyer Liqada meydana çıxdığı 633-cü oyun olub. Beləliklə, Milner “Mançester Yunayted”in uelsli əfsanəsi Rayan Giqqzin 632 oyunluq nəticəsini üstələyib. Hazırda Premyer Liqada keçirdiyi oyunların sayına görə rekordçu “Aston Villa” və “Mançester Siti”də çıxışları ilə məşhur olan ingilis sabiq dayaq yarımmüdafiəçisi Qaret Barridir – 653 oyun.

Barrinin karyerasını bitirdiyini, veteran Milnerin isə hələ bir mövsüm də oynamaq istəyində olduğunu nəzərə alsaq, Ceymsin mütləq rekorda doğru getdiyini təxmin etmək olar.

Ceyms Milner “Lids”in yetirməsidir. O, kayerası ərzində “Lids”, “Suindon Taun”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul”da çıxış edib. Yarımmüdafiəçsi “Brayton”a ötən ilin iyulunda “Liverpul”dan azad agent qismində qoşulub. Ceymsin “qağayılar”la müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Milner “Brayton”un heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib.

Milner böyük futbolda klub səviyyəsində bütün qənimətləri qazanıb və buna “Mançester Siti” və “Liverpul”la nail olub. Milner İngiltərə Premyer Liqasının 2 dəfə “Mançester Siti”, 1 dəfə “Liverpul”la olmaqla, 3 qat qalibidir. Həmçinin Milner İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun və İngiltərə Super Kubokunun hər birini 1 dəfə “Mançester Siti və 1 dəfə “Liverpul”la qazanaraq, 2 qat qalib olub. “Liverpul”un heyətində isə Milner beynəlxalq arenada uğurlar qazanıb: Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Ceyms Milner 2009-cu ilin avqustunda debüt etdiyi İngiltərə yığmasının heyətində 61 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı ingilis veteran mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: