Cihat Arslan Renat Dadaşovun komandasından qovuldu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” klubu baş məşqçi Cihat Arslan ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

“Ankaragücü” bu mövsüm Türkiyə 1-ci liqasında 5 oyunda 2 qələbə qazanıb, 3 dəfə uduzub. Komanda 6 xalla 13-cüdür. İstefaya da məhz komandanın uğursuz nəticələrinin çox olması səbəb göstərilir.

Xatırladaq ki, Cihat Arslan bu ilin iyul ayında komandaya baş məşqçi təyin edilmişdi. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədər idi. O, bu komandanı cəmi 5 oyuna çıxarıb, 2 qələbə və 3 məğlubiyyət görüb.

Cihat Arslan daha öncə “Şkupi”, “Yeni Malatyaspor”, “Kasımpaşa”, “Balıkəsirspor”, “Manisa”, “Çelik”, “Akhisarspor”, “Adanaspor”, “Karşıyaka”, “Şanlıurfaspor”, “İstanbul BB”, “Göztəpə”, “Boluspor”, “Eyüpspor”, “Kocaelispor” kimi komandalarda da baş məşqçi olub.

Türkiyə mətbuatı “Ankaragücü”nün baş məşqçi vəzifəsinə iki əsas namizəd olduğunu yazıb. Bunlardan biri “Neftçi”nin sabiq çalışdırıcısı – ötən illərin tanınmış futbolçusu Adrian Mutu, digəri isə daha əvvəl də komandaya rəhbərlik etmiş Ömər Erdoğandır. Hər iki mütəxəssislə danışıqların davam etdiyi bildirilib.

Xatırladaq ki, Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 5 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: