“Cenoa”nın baş məşqçisi Alberto Cilardino italiyalı hücumçu Mario Balotellinin bu kluba mümkün keçidi barədə sualı cavablandırıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Klub mənim bu haqda nə düşündüyümü bilir. O, mənim tanıdığım bir oyunçudur. Məncə, o, uğur qazanmaq üçün gərək olan şövq, atəşə malikdir. Bəzi şöbələrimizdə mövcud olan obyektiv fəsadları nəzərə alaraq, keçiddə bir qədər gecikmişik”, deyə Cilardiono vurğulayıb.
İtaliya mətbuatının son məlumatlarına görə, “Cenoa” 34 yaşlı italiyalı hücumçu ilə müqavilə imzalamaq üçün yekun qərar verib. Klub Balotelli ilə 2024/2025-ci illər mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayacaq. Futbolçunun maaşı isə 250 min avro məbləğ və əlavə üstəliklərdən ibarət olacaq.
Xatırladaq ki, “Milan”, “İnter” və bir çox Avropa klublarının keçmiş hücumçusu olan Mario Balotelli özü də bu yaxınlarda İtaliya A Seriyasına qayıtmaq istədiyini açıqlamışdı.
Mario Balotellinin sonuncu iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. O, bu ilin yayında Super Liqa təmsilçisini tərk edəndən bəri işsizdir.
Mario Balotelli 2021-ci ilin iyulunda üz tutduğu “Adana Dəmirspor”u 2022-ci ilin avqustunda İsveçrə “Sion”una dəyişmiş, 2023-cü ilin sentyabrında yenidən Türkiyə təmsilçisinə qayıtmışdı. Balotellinin Adana klubundakı karyerası bütövlükdə 51 oyun, 26 qol və 8 assistdən ibarətdir.
İtaliyalı futbolçu karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa” və “Lumessane” kimi klubların da formasını geyinib.
Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib. O, bu oyunlarda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.


