Futbol üzrə İtaliya milli komandasının və “Latsio” klubunun mərkəz hücumçusu Çiro İmmobile uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, buna 33 yaşlı forvardın A Seriyasının 17-ci turu çərçivəsində baş tutan “Empoli” ilə səfər matçında ombasından zədələnməsi səbəb olub.
Təcrübəli forvard 2:0 hesabı ilə qalib gəldikləri bu matçın əvvəlindəcə zədələnmiş və 22-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. İmmobilenin təxminən bir aya yaxın yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Lakin klubun mətbuat xidməti hər şeyə yaxın günlərdə baş tutacaq təkrar müayinədən sonra aydınlıq gələcəyini bildirib.
İmmobilenin yanvarın 20-27-si aralığında Səudiyyə Ərəbistanında keçiriləcək İtaliya Super Kuboku turnirində iştirakı da sual altındadır.
Xatırladaq ki, İmmobile cari mövsümdə “Latsio”nun heyətində 23 matçda meydanda olub və 7 qola imza atıb. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatmalıdır. Çiro dekabrın əvvəlində A Seriyası matçlarında səfərdə 100 qol vuran ilk futbolçu kimi tarixi rekorda imza atıb.
Çiro İmmobile 2016-cı ildən “Latsio”nun uğurları üçün çalışır. O, bu komandanın heyətində bütövlükdə 320 oyuna çıxıb. Təcrübəli forvard bu matçlarda 203 qola imza atıb, 53 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli forvard “Yuventus”un yetirməsi olsa da, Turin təmsilçisində çox oyun şansı qazanmayıb. Çiro karyerası ərzində “Syena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund) və “Sevilya”da da forma geyinib. O, İtaliya yığmasında 57 oyun keçirib, 17 qol vurub.


