Futbol üzrə İtaliya A Seriyasının 13-cü turunun “Salernitana” ilə səfər oyunu “Latsio”nun hücumçusu Çiro İmmobile üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu İtaliya çempionatında tarixi rekorda imza atıb.
Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, 33 yaşlı hücumçu A Seriyası matçlarında səfərdə 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb. İtaliya millisinin üzvünün “Salernitana” ilə oyunda (1:2) penaltidən vurduğu top 100-cü səfər qolu kimi əlamətdar olub:
- Çiro İmmobile (İtaliya) – 2008-2023 (100 qol)
- Joze Altafini (Braziliya, İtaliya) – 1958-1976 (95 qol)
- Françesko Totti (İtaliya) – 1992-2017 (89 qol)
- Zlatan İbrahimoviç (İsveç) – 2004-2023 (88 qol)
- Qunnar Nordal (İsveç) – 1949-1958 (87 qol)
- Silvio Piola (İtaliya) – 1930-1954 (86 qol)
- Fabio Kvalyarella (İtaliya) – 1999-2023 (80 qol)
- Alberto Cilardinyo (İtaliya) – 1999-2017 (79 qol)
- Campyero Boniperti (İtaliya) – 1946-1961 (78 qol)
- Kurt Hamrin (İsveç) – 1956-1971 (76 qol)
Xatırladaq ki, İmmobile 2016-cı ildən “Latsio”nun uğurları üçün çalışır. O, bu komandanın heyətində 315 oyuna çıxıb. Təcrübəli forvard bu matçlarda 203 qola imza atıb, 53 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli forvard “Yuventus”un yetirməsi olsa da, Turin təmsilçisində çox oyun şansı qazanmayıb. Çiro karyerası ərzində “Syena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund) və “Sevilya”da da forma geyinib. O, İtaliya yığmasında 57 oyun keçirib, 17 qol vurub.


