Niderlandlı futbol mütəxəssisi Con Heytinqa İngiltərənin “Liverpul” klubundan ayrılaraq Amsterdam təmsilçisi “Ayaks”a qayıdıb.
Arena.az bu barədə “Ayaks”ın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, 41 yaşlı mütəxəssis Niderland nəhənginə baş məşqçi təyin edilib. Niderlandlı məşqçi köhnə-yeni klubu ilə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalayıb.
Heytinqa bu vəzifədə Françesko Fariolini əvəzləyb. Hansı ki, italiyalı futbol mütəxəssisi bir neçə gün öncə Amsterdam təmsilçisindən ayrılmışdı. 36 yaşlı mütəxəsisin öz istəyi ilə istefa verdiyi açıqlanmışdı.
Françesko Farioli “Ayaks”la 2024-cü ilin mayında 3 illik müqavilə imzalamışdı. “Ayaks” geridə qalmış mövsümdə ölkə çempionatını 78 xalla ikinci pillədə başa vurub. Komanda çempion PSV-dən 1 xal az toplayıb. Fariolinin də istefasına məhz çempionluğu əldən vermələri səbəb göstərilir.
“Ayaks” Fariolinin rəhbərliyi altında 54 oyun keçirib. Amsterdam klubu bu görüşlərdə 35 qələbəyə sevinib, 8 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Farioli daha əvvəl Türkiyənin “Alanyaspor”, “Fatih Karagümrük” klublarında, Fransan “Nitsa” komandasında da baş məşqçi kimi çalışıb.
Con Heytinqa isə “Liverpul”un baş məşqçisi Arne Slotun köməkçisi vəzifəsində çalışırdı. O, 2023-cü ildə də “Ayaks”ın baş məşqçisi olub. Həmin vaxt müvəqqəti olaraq Amsterdam təmsilçisinə rəhbərlik etmiş gənc mütəxəssis 22 oyunda 14 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət görüb.
Xatırladaq ki, Con Heytinqa futbolçu karyerasına “Ayaks”da başlayıb. O, İspaniya, İngiltərə və Almaniyada legioner həyatı yaşadıqdan sonra yenidən doğma klubuna qayıdıb və peşəkar karyerasını elə Amsterdam təmsilçisində başa vurub.



