Corco Kyellini ən yaxşı iki komanda yoldaşının adını çəkdi

“Yuventus”un italyan keçmiş futbolçusu Corco Kyellini karyerasının iki ən yaxşı komanda yoldaşının adını açıqlayıb.

Arena.az italyan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Ən yaxşı komanda yoldaşlarım? Birlikdə oynadığım ən güclülər arasında mütləq Buffon və Ronaldo var. Buffon futbol tarixinin ən yaxşı qapıçısıdır. Kristiano isə necə baxdığınızdan asılı olaraq tarixin iki, üç, dörd və ya beş ən yaxşı idmançısından biridir”, deyə Kyellini bildirib.

Xatırladaq ki, İtaliya milli komandasının da formasını geyinmiş Corco Kyellini futbolçu karyerasını ötən ilin dekabr ayında başa vurub. O, 39 yaşında bu idman növü ilə vidalaşmağa qərar verib.

Kyellininin son klubu 2022-ci ilin iyul ayından çıxış etdiyi Amerika “Los Anceles”i olub. O, bu komandada bütövlükdə 45 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Kyellini daha öncə İtaliyanın “Livorno”, “Yuventus” və “Fiorentina” klublarında da çıxış edib. Sabiq müdafiəçi Turin klubu ilə birlikdə 9 dəfə ölkə çempionu olub, 5 dəfə İtaliya kubokunun qalibi olub, 2 dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib. Kyellini 17 il ərzində Turin klubunda 561 oyuna çıxıb. Təcrübəli müdafiəçi bu oyunlarda 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Corco Kyellini İtaliya yığmasında da 117 oyuna çıxıb, 8 qol vurub.

Kyellini kimi, Canluici Buffon da artıq futbolçu karyerasını bitirib. Kristiano Ronaldo isə 39 yaşı olmasına baxmayaraq, hələ də Səudiyyə Ərəbistanı “Əl-Nəsr”ində uğurlu çıxışı ilə özündən söz etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: