Futbol üzrə İtaliya milli komandasının və “Yuventus”un keçmiş müdafiəçisi Corco Kyellini futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu 39 yaşında bu idman növü ilə vidalaşmağa qərar verib.
Kyellininin son klubu 2022-ci ilin iyul ayından çıxış etdiyi Amerika “Los Anceles”i olub. O, son olaraq MLS-in 2023-cü il mövsümünün finalında “Kolambus Kryu” ilə oyunun iştirakçısı olub. İtalyan futbolçunun komandası mövsümün həlledici matçında 1:2 hesabıyla uduzaraq gümüş medallarla kifayətlənib. Kyellini bu oyunda 90 dəqiqə meydanda olub.
Corcio “Los Anceles”də bütövlükdə 45 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Kyellini daha öncə İtaliyanın “Livorno”, “Yuventus” və “Fiorentina” klublarında da çıxış edib. O, Turin klubu ilə birlikdə 9 dəfə ölkə çempionu olub, 5 dəfə İtaliya kubokunun qalibi olub, 2 dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib. Kyellini 17 il ərzində Turin klubunda 561 oyuna çıxıb. Təcrübəli müdafiəçi bu oyunlarda 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Corco Kyellini İtaliya yığmasında da 117 oyuna çıxıb, 8 qol vurub.


