Cordan Henderson əməliyyat olundu, DÇ-ni erkən başa vurdu

İngiltərə millisinin və “Brentford”un yarımmüdafiəçisi Cordan Henderson DÇ-2026-nın 1/8 finalından sonra aldığı zədə səbəbindən əməliyyat olunub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Hadisə İngiltərənin Meksika üzərində 3:2 hesablı qələbəsindən sonra yaşanıb. Henderson komandasının 1/4 finala yüksəlməsini qeyd edərkən reklam lövhələrinin üzərindən tullanmağa çalışıb, lakin uğursuz eniş edərək biləyini sındırıb.

Futbolçu meydanı xərəkdə və oksigen maskası ilə tərk edib, daha sonra isə təcili xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra onun bilək nahiyəsindən əməliyyat olunmasına qərar verilib.

Henderson bu zədə səbəbindən dünya çempionatının qalan hissəsini buraxacaq.

36 yaşlı yarımmüdafiəçi turnirdə əsasən ehtiyat oyunçular skamyasında yer alıb. O, yalnız qrup mərhələsinin Panama ilə son oyununda (2:0) sonradan meydana daxil olub. Bununla belə, Henderson İngiltərə millisinin tarixində dörd dünya çempionatında çıxış edən ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Cordan Henderson 2025-ci ilin yayından “Brentford”un formasını geyinir. O, karyerasının böyük hissəsini “Liverpul”da keçirərək İngiltərə çempionluğu, UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Super Kuboku, İngiltərə Kuboku, İngiltərə Super Kuboku və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

İngiltərə millisinin heyətində isə 90 oyuna çıxmış Cordan Henderson 3 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: